Güneyli milli fəal saxlanılıb

Dünən axşam saatlarında Təbrizdə milli fəal Mehdi Həmidi Şəfiq saxlanılıb.
Bəzi sosial media fəalları, dünən axşam Güney Azərbaycanın Təbriz, Ərdəbil, Həmədan, Urmiya, Qəzvin, Zəncan və başqa şəhərlərində çox sayda fəalın, o cümlədən də Mehdi Həmidi Şəfiqin saxlanıldığını bildiriblər.
Məlumata əsasən, azərbaycanlı fəal həyat yoldaşı ilə birlikdə avtomobilində Əbureyhan küçəsində hərəkət edərkən İranın hökumət qüvvələri tərəfindən avtomobilinin şüşələri sındırılmaqla saxlanılıb. Polislər Həmidi Şəfiqi döyərək həbs ediblər.
Qeyd edək ki, Mehdi Həmidi Şəfiq 2011-ci ildə 28 milli fəalla birlikdə Urmiya gölünün qurudulması məsələsinin müzakirəsi ilə bağlı keçirilən iclasda yaxalanmışdı. O, 5 ay həbsdə saxlanıldıqdan sonra 100 milyon tümən girov sənədi qoymaqla sərbəst buraxılmışdı.
Azərbaycanlı fəal dəfələrlə həbs və basqılara məruz qalıb və 2012-ci ildə universitetdə təhsil almasının qarşısı alınıb.