İranın dövlət saytlarına haker hücumu olub

“Anonimus” haker qrupu İran xalqının etirazlarına dəstək üçün dövlət saytlarına qarşı kiber əməliyyatlara başladığını açıqlayıb.
“Biz burada sizinləyik. İrana qarşı əməliyyat başladı. bizi gözləyin”-deyə, haker qrupunun üzvlərindən biri sentyabrın 20-də Tvitter mesajında etirazçılara xitabən bildirib.
Bundan bir neçə saat sonra İran dövlətinin rəsmi internet saytı və hökumət sözçünün informasiya saytı sıradan çıxıb və “Anonimus” bu hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.
“Anonimus” haker qrupunun üzvü hökumət saytının bütün məlumat bazasının silindiyini açıqlayıb.
Bir müddət sonra hökumət sözçünün informasiya saytının ön səhifəsi bərpa olunsa da, onun bir çox hissələrinə giriş bağlanıb.
Bunun ardınca İranın Mərkəzi Bankının saytı da sıradan çıxıb. Məlumatda saytın yenilənə bilmədiyi və bəzi bölmələrinin silindiyi bildirilir.
Bununla yanaşı İranın Mədəniyyət Nazirliyinin saytı da bu gün sıradan çıxıb.
“Anonimus” habelə İranın ən böyük dövlət mediasına kiberhücum həyata keçirdiyini açıqlayıb, lakin daha ətraflı məlumat verməyib.