İranda siyasi fəalların və jurnalistlərin həbsi davam edir

İranda bir neçə siyasi fəal, o cümlədən də Güney Azərbaycanın milli fəalları həbs edilib.
Bu gün İranın SEPAH və Təhlükəsizlik nazirliyinin əməkdaşları müxtəlif şəhərlərdə evlərə basqın edərək aksiyalara qatılanları həbs ediblər.
Verilən məlumatlara görə, saxlanılanlar arasında Ərdəbildə yaşayan güneyli fəallar Əsgər Əkbərzadə və Səid Sadiqifərin kimliyini dəqiqləşdirmək mümkün olub.
Təhlükəsizlik orqanlarının sentyabrın 22-i səhər saat 4 radələrində onların evinə hücum etdiyi, fəalların qandallanaraq naməlum yerə aparıldığı bildirilir.
Ərdəbildə həmçinin milli fəallar Meysəm Colani və Məhəmməd Colani də həbs ediliblər.
Onların hansı səbəbdən saxlanıldıqları və hara aparıldıqları barədə məlumat əldə etmək mümkün olmayıb.
İranda nəşr olunan İslahatçılara yaxın “Şərq” qəzetinin sosial qrupunun reportyoru Nilufər Həmadi də sentyabrın 22-i evində həbs edilib.
Eyni gündə jurnalistlər Əlirza Xoşbəxt və Ruhullah Nəxəi və islahatçı siyasi fəal Məhəmmədrza Cəlaipur da həbs edilib.
Bundan əvvəl fotoqraf Yəlda Miri də saxlanılıb.
Təbrizli siyasi fəal Hüseyn Ronəqi Məleki də bu gün həbs olunanlar arasındadır.