İran: Azərbaycanla sərhəddə terrorçular saxlanılıb

Şərqi Azərbaycan əyalətinin Sərhəd Qoşunları komandanı Azərbaycan Respublikası ilə sərhəd bölgəsində terror dəstəsi üzvlərinin saxlanıldığını iddia edib.

Məhəmməd Əhmədi mediaya verdiyi açıqlamada Xudafərində iki nəfərin saxlanıldığı, onlardan odlu silahlar və partlayıcı maddələrin götürüldüyünü bildirib.

O, ölkə daxilində təxribat törətmək istədiklərini iddia etdiyi iki nəfərin kimliyi barədə açıqlama verməyib, lakin onların sərhəd zolağında saxlanıldıqlarını deyib.

Əhmədinin sözlərinə görə, saxlanılanlardan bir ədəd kameralı M16 döyüş silahı, bir Kalaşnikov, bir ədəd tapança, 4 əl qumbarası, üç simsiz partlayıcı pultu və modern gecə görmə kameraları müsadirə olunub.

O deyib ki, təhlükəsizlik qüvvələri saxlanılanların ölkə daxilindəki əməkdaşlarını yaxalamaq üçün əməliyyata başlayıblar.

Bu arada, Azərbaycan XİN İranın Xudafərində terrorçu qrupun həbs olunmasına dair bəyanatına münasibət bildirib .

“Azərbaycan-İran dövlət sərhədi dostluq və əməkdaşlıq sərhədi kimi tanınır. Azərbaycan və İran sərhədçiləri arasında qarşılıqlı faydalı əməkdaşlıq təcrübəsi nümunəvidir”, deyə XİN sözçüsü Leyla Abdullayeva məsələ ilə bağlı sualı cavablandırarkən deyib.

“Ara-sıra baş verən sərhəd pozuntusu və qaçaqmalçılıq halları yerlərdəki komandirlər arasında birbaşa təmaslar çərçivəsində tənzimlənir. İran Sərhəd Mühafizəsi Orqanlarının bugünkü bəyanatının Azərbaycan-İran dövlət sərhədinə heç bir aidiyyəti yoxdur”, – o qeyd edib.

Qeyd edək ki, İran rəsmiləri son günlər ölkədə başlayan kütləvi etiraz aksiyalarını xarici ölkələrə bağlayıb, narazıları terrorist kimi qələmə verməklə daha şiddətli repressiyalara hazırlanır.

İlgili xəbərlər