İran: Bölgədə sərhədlərin dəyişdirilməsinə qarşıyıq

İran və Azərbaycan xarici işlər nazirləri Nyu-Yorkda ikitərəfli görüşdə Qafqaz regionunda baş verən son proseslər haqqında fikir mübadiləsi aparıblar.

İranlı nazir son bir ildə müxtəlif sahələrdə imzalanmış anlaşma sənədləri və ikitərəfli səfərlərin ikitərəfli əlaqələrdə müsbət addım olduğunu bildirib.

Hüseyn Əmir Əbdullahian Qafqaz bölgəsində sərhəd dəyişkliyi ilə bağlı məlumatlara toxunaraq regionda sərhədlərin və geosiyasi dəyişikliyə qarşı İranın qəti mövqeyini çatdırıb. O, İranın Ermənistan və Azərbaycan rəsmiləri ilə danışıqlarında münaqişənin həlli üçün yardım etməyə hazır olduğunu da bildirib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da ikitərəfli əməkdaşlığın önəmli olduğunu deyib. O, regionda geosiyasi vəziyyətin dəyişilməsi ilə bağlı iddiaları rədd edərək Azərbaycanın Ermənistanla ərazi və sərhəd münaqişəsini regiondaxili əməkdaşlıq çərçivəsində sürətlə həll etmək əzmində olduqlarını qeyd edib.

Bu arada Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva Zəngəzur dəhlizinin İranın Ermənistanla sərhədini kəsməsi kimi qələmə verilməsini reallıqdan uzaq adlandırıb.

“Zəngəzur dəhlizinin İranın Ermənistan ilə sərhədini kəsməsi kimi qələmə verilməsi kökündən yanlış olmaqla yanaşı, reallıqdan uzaqdır. Zəngəzur dəhlizi, əksinə, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirən və regional əməkdaşlıq üçün yeni perspektivlər vəd edən önəmli bir layihədir”, – XİN sözçüsü qeyd edib.

İlgili xəbərlər