İranda aksiyalarda ölənlərin sayı 40 nəfərə çatıb

İranda hökumətə qarşı keçirilən aksiyalarda ölənlərin sayı 40 nəfərə çatıb.

Bu barədə insan haqları təşkilatları məlumat verib.

İranda gənc yaşlı Məhsa Əmininin öldürülməsi ilə başlanan kütləvi etirazlar 7-ci günə daxil olub. Məlumata əsasən, ölkənin bütün əyalətlərində 90-dən çox şəhərdə əhali aksiyalara qoşulub.

Sosial şəbəkələrdə yayılan xəbərlər və görüntülərə əsasən, aksiyalara qatılanlar bir çox şəhərdə polis, habelə hərbi və mülki geyimli qüvvələrin zorakılığına məruz qalıblar.

Güney Azərbaycanda da Təbriz başda olmaqla aksiyalar bu gün də davam edib.

Günortadan sonra Təbrizin mərkəzi küçələrində, xüsusilə Şahnazda etiraz aksiyaları yenidən başlayıb. Aksiyaçılar “Ölüm olsun diktatora”, “Durub baxan biqeyrətdir” kimi şüarları səsləndiriblər.

Tərbiyət, Firdovsi, Barnavak küçələrində xüsusi təyinatlı qüvvələr və SEPAH üzvləri ilə aksiyaçı gənclər arasında qarşıdurmalar yaşanıb.

Ərdəbildə də şəhərin mərkəzi küçələrində başlayan dinc aksiyalara polis qüvvələrinin sərt müdaxiləsi vətəndaşların reaksiyası ilə qarşılaşıb.

İlgili xəbərlər