İran XİN Kiyevin Tehranla diplomatik əlaqələrin səviyyəsinin azaldılmasına  reaksiya verib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ukraynanın diplomatik münasibətlərin səviyyəsini azaltmaq qərarına cavab olaraq İran tərəfinin də “uyğun addım” atmalı olduğunu vurğulayıb.

Nasir Kənani Ukraynanın İranın Kiyevdəki səfiri Mənuçehr Muradinin etimadnaməsini ləğv etməsi və diplomatik əlaqələrin səviyyəsini aşağı salması ilə bağlı verdiyi bəyanata münasibət bildirib. O, İranın Ukrayna-Rusiya müharibəsində “açıq aktiv neytrallıq siyasətinə” toxunaraq, ölkəsinin müharibəyə qarşı olduğunu və mübahisələrin zorakılıqdan uzaq diplomatik yolla həllinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, beynəlxalq mediada Rusiyanın İrandan insansız uçaqlar alması ilə bağlı iddialar dərc olunsa da, Tehran bunu təkzib edib.

Dünən, Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiyanın Ukraynaya hücumda İran PUA-larından istifadə etməsinə cavab olaraq, İranın bu ölkədəki səfirinin etimadnaməsini geri götürməyə və İranın Kiyevdəki səfirliyinin əməkdaşlarının sayını əhəmiyyətli dərəcədə azaltmağa qərar verdiyini açıqlayıb.

 Bəyanatda vurğulanır: ”Ukraynaya qarşı müharibədə Rusiyaya silah vermək Ukrayna və İran əlaqələrinə ciddi zərbə vuran qeyri-dostcasına addımdır”.

Qeyd edək ki, cümə günü Ukrayna ordusu Odessa limanı yaxınlığında İrana məxsus altı ədəd “Şahid-136” kamikadze PUA-sını vurduğunu bildirib.  

Bu xəbərə reaksiya verən Volodimir Zelenski deyib ki, İslam Respublikası Ukrayna vətəndaşlarına və bu ölkənin ərazi bütövlüyünə zərbə vurur.

 

İlgili xəbərlər