İranda aksiyalar davam edir, universitetlərdə əyani dərs dayandırılıb

İranda Tehranın Əxlaq Polisi tərəfindən nəzarətə alındıqdan sonra həyatını itirən Məhsa Əmininin ölümünə etiraz aksiyaları davam edir.
Rəsmilərinin bildirdiyinə görə, aksiyalar zamanı 1200-dən çox insan həbs edilib.
İranın dövlət televiziyası etirazlar zamanı 41 nəfərin öldüyünü bildirib.
Bu arada İranın müəllimlər həmkarlar ittifaqları müəllim və tələbələri bazar ertəsi və çərşənbə günü dərsləri boykot etməyə çağırıb.
Bu gün Təbriz Universitetinin stomatologiya fakültəsinin öyrənciləri, tələbələrin kütləvi həbsinə etiraz olaraq aksiya keçiriblər.
Universitet həyətinə toplaşan öyrəncilər dərsə qatılmaqdan imtina edib və tətil aksiyalarını davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, İranın bir neçə universitetinin öyrənciləri təhlükəsizlik qüvvələrinin tələbələrə qarşı qəddar davranışı, etiraz edən öyrəncilərin həbs edilməsi və təhsilin virtuallaşdırılmasına etiraz olaraq dərslərdə iştirakdan imtina etdiklərini açıqlayıblar.
Bununla yanaşı hökumət bir neçə şəhərdə universitetlərin tətil edilməsi ilə bağlı göstəriş verib.
Məlumata əsasən, bu gün axşam saatlarından Tehran başda olmaqla bir neçə şəhərdə etiraz aksiyaları yenidən başlayıb.
Tehranla yanaşı Sənəndəc və Kürdüstan əyalətinin üçüncü böyük şəhəri olan Qürvədə də etirazçıların küçələrə axışdığı barədə məlumatlar var.
Təbrizdən verilən məlumata görə isə, bu şəhərdə havanın qaralması ilə eyni vaxtda etiraz aksiyalarına start verilib.
Təbrizin Abbasi dörd yoluna yaxın Rüşdiyyə məhəlləsində silah səslərinin eşidildiyi, yayılan videoda xüsusi təyinatlıların etirazçıları dağıtmaq üçün atəş açdığı, partlayıcı maddə və gözyaşardıcı qazdan istifadə etdiyi görünür.
Bundan öncə adı çəkilən məhəlləyə polis və xüsusi təyinatlılara məxsus zirehli texnikanın yeridildiyi bildirilmişdi.