SEPAH Iraqdakı müxalif kürdlərin mövqelərini yenidən atəşə tutub

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqdakı kürd müxalif qrupların mövqelərini yenidən atəşə tutub.

SEPAH-ın quru qoşunları bildirib ki, İraq Kürdüstanında “terrorçu Komele qruplaşmaların” mövqelərinə qarşı əməliyyatların yeni mərhələsinə başlayıb.

məlumata görə, SEPAH-ın quru qoşunlarının “Həmze Seyidüş-Şühəda” bazasına aid bölmələri İraq Kürdüstanında yerləşən müxalif kürd qrupların mövqelərinə artilleriya və pilotsuz uçuş aparatlarından hücumlar edib.

SEPAH-ın bəyanatında bildirilir ki, bu hücumlarda qruplaşmaların toplanma qərargahları, təlim və əməliyyat mərkəzlərini məhv etmək üçün ağıllı və dəqiq silahlardan istifadə edilib.

Bundan əvvəl, sentyabrın 24-də də SEPAH-ın quru qoşunları İraqın şimalında yerləşən qruplaşmanın qərargahı və yerləşdiyi məkanlara qarşı hücumlar həyata keçirib.

İlgili xəbərlər