Təbrizdə saxlanılanlardan bəzilərinin kimliyi açıqlanıb

Son günlər keçirilən etiraz aksiyalarında Təbrizdə saxlanılanlardan 40-nın kimliyi dəqiqləşdirilib.

Son bir neçə gündə Təbrizdə əsasən təhlükəsizlik və SEPAH əməkdaşları tərəfindən saxlanılanlardan yeddisi qadın fəallardır:

Əsəl Nami, Sağər Səadət, Məlika Lame, Nərgiz Əmiri, Huriyə Fəximfərd, Fəridə Əmini və Sevda Arəşkiya.

Bu arada, Ərdəbilli milli fəallar Əsgər Əkbərzadə, Səid Sadiqifər, Meysəm Colani və Möhsün Möhsünzadənin həbs edilmələrindən bir həftə keçməsinə baxmayaraq, barələrində dəqiq məlumat əldə etmək mümkün olmayıb.

Adı çəkilən şəxslərin ailə üzvləri dəfələrlə Ərdəbil Prokurorluğu və başqa əlaqədar idarələrə müraciət etdiklərini, ancaq heç bir cavab ala bilmədiklərini deyirlər.

Qeyd edək ki, adı çəkilən milli fəallar sentyabrın 21 və 22-də heç bir aksiyaya qatılmadıqları halda Ərdəbildə Təhlükəsizlik məmurları tərəfindən saxlanılıblar.

Onların həbs səbəbləri və harada saxlanıldıqları barədə heç bir məlumat verilmir.

Xatırladaq ki, son günlərdə Təbriz, Urmiya, Ərdəbil və Zəncan şəhərləri başda olmaqla Güney Azərbaycanın müxtəlif bölgələrində onlarla milli fəal saxlanılıb.

İlgili xəbərlər