Təhlükəsizlik qüvvələri 2 güneyli fəalın evində reyd keçirib, ailə üzvlərini döyüblər

Təhlükəsizlik qüvvələri Şərqi Azərbaycan əyalətinin Əhər şəhərinin sakini olan milli fəal Saleh Molla Abbasinin evində reyd keçirərək, axtarış aparıb, ailə üzvlərini döyüb və hədələyiblər.

Məlumata əsasən, sentyabrın 26-da təhlükəsizlik qüvvələri Saleh Molla Abbasini həbs etmək məqsədi ilə onun evində reyd keçirib. Onun həyat yoldaşı və iki qızı kəşfiyyat məmurları tərəfindən döyülərək hədələnib. Milli fəal evdə olmadığı üçün təhlükəsizlik qüvvələri onu həbs edə bilməyib.

Saleh Molla Abbasinin ailə üzvləri təhlükəsizlik qüvvələrinin milli fəalın evinə hücum edərək, məhkəmə orderi göstərmədən axtarış aparmasına etiraz edib. Təhlükəsizlik qüvvələri milli fəalın həyat yoldaşı Hümeyra Türabiyə qarşı zorakılıq tətbiq edərək, onu döyüb və bağırmasına mane olmaq üçün ağzını tutublar.

Evdə axtarış aparan məmurlar kompüter, noutbuk, 3 cib telefonu və bir tablet və bir neçə türkcə kitabı müsadirə ediblər.

Milli fəalın qızı Günəş Molla Abbasi cib telefonunu təhlükəsizlik qüvvələrinə təqdim etməkdən imtina etdiyi üçün döyülüb.

Təhlükəsizlik qüvvələrinin qeyri-etik və zorakı rəftarına müqavimət göstərən Hümeyra Türabini həbs etmək istəyən məmurlar onu hicab örtməyə məcbur etməyə çalışıblar, lakin o müqavimət göstərib. Hümeyra Türabi məmurlara “çadra örtməyəcəm” deyib. Bundan sonra onlar Hümeyra Türabini həbs etməkdən vaz keçərək evi tərk ediblər.

Saleh Molla Abbasi bundan öncə  dəfələrlə dinc fəaliyyətlərindən dolayı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, məhkəmə tərəfindən həbs cəzasına məhkum edilib.

Bu arada Qərbi Azərbaycan əyalətində də təhlükəsizlik qüvvələri milli fəal Əşkan Səadətmehrin evinə basqın edib.

Milli fəalların verdiyi məlumata görə, hadisə sentyabrın 24-də baş verib.

Məmurlar urmulu fəalı və onun həyat yoldaşını döyüb, onlara məxsus telefon, komputer və başqa şəxsi əşyaları özləri ilə aparıblar.

Təhlükəsizlik məmurları tərəfindən həbs edilən Əşkan Səadətmehr, iki gün ETTELAAT təcridxanasında dindirildikdən sonra sentyabrın 26-ı axşam saatlarında müvəqqəti olaraq sərbəst buraxılıb.

İlgili xəbərlər