Etirazlar zamanı saxlanılan təbrizli yeniyetmə müvəqqəti azadlığa buraxılıb

Təbrizdə etirazlar zamanı həbs edilən 16 yaşlı Atilla Ərfəi müvəqqəti azadlığa buraxılıb.

Məlumata əsasən, təbrizli yeniyetmə 400 milyon tümənlik qırov qarşılığında məhkəmə prosesinin sonuna qədər azad edilib.

16 yaşlı yeniyetməni təhlükəsizlik qüvvələri sentyabr ayının 21-də Təbriz küçələrində nəzarət altına almışdı.

İnsan haqları fəallarının dediyinə görə, o tutulduqdan bəri İranın Kəşfiyyat Nazirliyinin Təbrizdəki şöbəsində saxlanılırdı. Onunla bərabər saxlanılıb və daha sonra buraxılanların bildirdiyinə görə, Ərfəi küçə etirazlarına rəhbərlik etmək, xalqı qışqırdıb üsyana dəvət etmək, Atatürkün şəklini mobil telefonunun ekranına qoymaq və qəliz türkcə kəlmələrdən istifadə etmək kimi ittihamlarla günahlandırılıb.

Atilla Ərfəi sorğu-sual prosesində ciddi işgəncəyə məruz qalıb. Onunla birlikdə saxlanılıb və sonra buraxılan şəxslər onun burnunun sındırıldığını və üzündən xəsarət aldığını deyiblər.

İlgili xəbərlər