İranda daha bir fransızın həbsi təsdiqləndi

Rəsmi Parisin İranda daha bir fransızın saxlanması ilə bağlı xəbərləri araşdırmağa başlamasından bir həftə sonra Fransanın xarici işlər naziri Ketrin Kolonna İranda həbsdə olan 5 Fransa vətəndaşının olduğunu təsdiqləyib.

Onun sözlərinə görə, İrana qarşı sanksiyalar Avropa Birliyinin Xarici İşlər Nazirləri Şurasının iclasında, gələn həftənin ortalarında isə Avropa Birliyi Şurası tərəfindən təsdiqlənəcək.

“Bu gün günortadan sonra bir daha İranın xarici işlər nazirindən İranda həbsdə olan bütün soydaşlarımızın dərhal azad edilməsini tələb edəcəyəm. İndi beş nəfərdirlər”,- deyə, Kolonna bildirib.

Bundan əvvəl İranda xalq etirazları ilə eyni vaxtda İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi 9 əcnəbi vətəndaşın həbs olunduğunu elan edərək, onları etirazların təşkil edilməsində iştirakda ittiham edib.

Bu açıqlamada həmin 9 xarici vətəndaşın Almaniya, Polşa, İtaliya, Fransa, Hollandiya, İsveç və… vətəndaşları olduğu bildirilib.

Bu arada İranda xarici vətəndaşın İsrailə casusluq ittihamı ilə həbs edildiyi iddia edilib.

Kirman əyalətinin baş hakimi İbrahim Həmidinin iddiasına görə, saxlanılan şəxs Kirman əyalətində təxribat və təhlükəsizliyə qarşı əməliyyat törətmək niyyətində imiş.

O, həbs edilən şəxsin İranda azad ticarətlə məşğul olduğunu, məlumat mübadiləsi və təlim keçmək üçün bir neçə ölkəyə səfər etdiyini söyləyib.

Baş hakim saxlanılan şəxsin hansı xarici ölkə vətəndaşı olduğu və kimliyi barədə heç bir açıqlama verməyib.

İlgili xəbərlər